Kurban Berdıyev: “Heç-heçə ədalətli nəticə idi”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 8-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:2 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi. Heyətdə bəzi dəyişikliklər vardı. Roderik Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qaderiyə də şans vermək və onları meydanda görmək istədik. Qapıdakı dəyişikliyə gəlincə, bu, Konovalovun ötən oyundakı səhvinə görə deyildi. Kim özünü məşqdə daha yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən”.

Kurban Berdıyev son oyunlardakı xal itkilərinə baxmayaraq, komandasının enişdə olmadığını bildirib:

“Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik”.

Ayxan Abbasov: “Tural Qurbanov oyunu pis idarə etdi”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə heç-heçəyə belə şərh verib:

“Maraqlı və gərgin oyun oldu. İlk 15 dəqiqədə komandada həyəcan oldu. Daha sonra üstünlük bizə keçdi. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Son dəqiqələrdə qol buraxmaq futbolçulara pis təsir edir. Amma 1 xal da xaldır. Növbəti oyuna hazırlaşacağıq. Biz meydanda rəqibik. Mənim üçün rəqibin kim olması fərq etmir, qazanmaq istəyirəm.

Hakim VAR-a baxıb penalti verdi. Dediyinə görə, əllə oyun var idi. Tural Qurbanov ən perspektivli gənc hakimkərdəndir. Amma hakimlər oyunu təhlil etsinlər. Çox dayanmalar, sarı vərəqələr oldu. İtaliya, İspaniya çempionatına baxsınlar. Biz robot deyilik. Deyirlər yeni sədrin ən böyük tələbi baş məşqçilərin xətti keçməməsidir. Məncə, bu məsələyə bu qədər də ciddi yanaşmaq doğru deyil. Ümumi götürəndə, bu gün Tural Qurbanov oyunu pis idarə etdi”.