Kurban Berdıyev: “İkinci hissədən razı qalmadım”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, türkmən mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri ev oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna pis başladıq. İlk 15 dəqiqə ərzində üstünlüyü rəqibə verdik və bütün mövqeləri uduzduq. Sonra hissənin axırına kimi vəziyyəti yaxşılaşdırdıq. Birdən çox da qol vura bilərdik. İkinci hissədən razı qalmadım. Nə hücumda, nə də müdafiədə yaxşı oynadıq. Səbəbini axtaracağıq. Bu, ya qol buraxmaq qorxusundandır, ya da başqa psixoloji məqamdır”.

Baş məşqçi “Turan Tovuz”dan ilk dəfə Azərbaycan millisinə futbolçu çağırılmasına da münasibət bildirib: “İlk dəfə olduğunu bilmirdim. Xoş hisslər keçirirəm ki, həm gənclərdən ibarət komandalara, həm də əsas milliyə futbolçularımız dəvət olunublar”.

Berdıyev “Turan Tovuz”un nəticəyə oynadığı barədə fikirləri də cavablandırıb: “İstənilən məşqçi üçün nəticə önəmlidir. Amma tapşırıqları yerinə yetirmirsənsə, nəticələr daimi olmaz. Bu gün qələbə var. Amma istədiyimiz kimi oyun olmadı. İstənilən halda qələbə qələbədir. Çünki, azarkeşlər bundan zövq alırlar. Daha öncə Azərbaycan futbolu haqda məlumatım yox idi. Futbolçulara təşəkkür edirəm ki, belə nəticələr qazanmağımızda pay sahibi olurlar. Onların sayəsində bu nəticələr əldə olunur. Qarşıda milli komandaların oyunlarına görə fasilə yaranacaq. Bu, bizi tonusdan salmamalıdır. İstənilən halda fasilə də lazımdır. Bu, bizə də səhvlərimiz üzərində işləməyə vaxt verəcək”.

Kurban Berdıyev yeni transferlərin olub-olmayacağı barədə suala isə belə cavab verib: “Hələ ki, dəqiq bir şey yoxdur. Bu sualları mənə yox, rəhbərliyə ünvanlayın”.

“Turan Tovuz”da baş məşqçinin işi aşkar görünür”

“Səbail”in baş məşqçisi Şahin Diniyev isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Rəqibi təbrik edirəm. “Turan Tovuz” nəticəyə oynamağı bacaran komandadır. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm. Əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdir. Oyundan-oyuna daha yaxşı olacağıq. Bu gün azarkeş təzyiqi ilk dəqiqələrdən bizə təsir etdi. Heyətimizin əksəriyyəti gənc oyunçulardır. Bu da onlara tədir edir. Aciz deyilik. Bu gün hansı nəticə olsaydı da, komandadan narazı qalmayacaqdım. Bərabər oyun getdi. İkinci hissədə özünüz də gördünüz ki, komanda necə oynadı. Heç bir komponentdə rəqibə uduzmadıq. Tam düzgün yoldayıq. Bir neçə oyunçu komandamıza Birinci Liqadan gəlib. Amma özlərini yaxşı tərəfdən göstərə bilirlər”.

Diniyev “Turan Tovuz”un uğurlu nəticələrində Berdıyev amilini qabardıb: “Çox səbəb var. Bunu onlar yaxşı bilər. Kurban Berdıyev tanınmış məşqçidir. Onunla münasibətim var. Onun oynatdığı futbol daha çox etibarlı müdafiəyə köklənib. Əlində olan mərkəz müdafiəçiləri çox yüksək səviyyədədir. Berdıyevə uğurlar arzulayıram. “Turan Tovuz”da baş məşqçinin işi aşkar görünür”.