“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:1 hesablı əzmkar qələbəyə sevindikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Evdəki ağır məğlubiyyətdən sonra (ötən tur “Kəpəz”ə uduzduqları oyunu nəzərdə tutur – red.) bu gün var gücləri ilə mübarizə apardıqlarına görə uşaqlara təşəkkür edirəm. Bütün detallarda uduzduqları məqamda belə inamla, ümidlə oynayırdılar. Əlimizə belə imkanlar düşdü və biz bunlardan yararlandıq. Ötən oyundan sonra futbolçuların hər biri ilə fərdi şəkildə danışmaq lazım gəldi. Onlara bildirdim ki, yanaşmanı dəyişmək lazımdır. İnanıram ki, “Kəpəz”lə oyundakı məğlubiyyət bir daha təkrarlanmayacaq. “Kəpəz”lə matç ən pis oyunumuz idi. Yanaşma bir az fərqli idi. Sadəcə, bunun üzərində işlədik. Biz istər müdafiə planında, istər hücumda, hər zaman standart vəziyyətlərin üzərində işləyirik. Təəssüf ki, ötən matçda standart vəziyyətlərə ciddi yanaşmadıq. Bu gün Veysəl Rzayev çox yaxşı oynadı. Bilirik ki, o, akademiyada həm sağ, həm də sol cinah müdafiəçisi kimi oynayıb. Bu, onun üçün yenilik deyildi. Həmçinin Rəhim Sadıxovu qeyd edərdim”.
Kurban Berdıyev və “Qarabağ” və baş məşqçisi Qurban Qurbanov barədə də xoş sözlər dilə gətirib:
“Bu cür yaxşı məşqçinin zəif nöqtəsi az olur. Sadəcə olaraq, Allah bizə belə oyunlarda yardım edir. “Qarabağ” Azərbaycan futbolunun “flaqman”ıdır. Qurban Qurbanov da Azərbaycanın ən güclü məşqçilərindən biridir”.
“Bizi də başa düşmək lazımdır” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Məğlub olmaq istəməzdik. Təəssüf ki, uduzduq. Amma futbolçularım, demək olar ki, 90 dəqiqə oyuna nəzarət edə bildilər. Sadəcə, futbolun bəzən belə tərəfləri olur, bir dəqiqə ərzində hər şey tam əksinə baş verə bilir. Buraxdığımız ilk qolda rəqibin 5 oyunçusu qapıçımızı əhatəyə aldı və oradan çıxmağına imkan vermədilər. Qapıçını biri əllə, biri bədənlə itələyirdi. Bəs cərimə necə olur? İkinci qolda isə bizim lehimizə korner vermək əvəzinə cərimə zərbəsi təyin edildi və hücum edib qol vurdular. Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. İstəyimiz odur ki, epizodlara düzgün reaksiya versinlər”.
Baş məşqçi Avropa Liqasında Rumıniyanın “Styaua” klubu ilə keçirilən oyundan sonra komandanın bugünkü matça yaxşı hazırlaşdığını söyləyib: “Futbolçularımız psixoloji cəhətdən çox hazır idilər. Matça da yaxşı hazırlaşmışdılar. Düzdür, daha yaxşı oynaya bilərdik. Amma bizi də başa düşmək lazımdır. Üzərimizdə az yük yoxdur”.
Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin son turunda yanvarın 30-da Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçiriləcək səfər görüşü barədə də fikirlərini bölüşüb: “Bir oyunumuz qalıb. Mütləq yaxşı hazırlaşmalıyıq. Çünki “Olimpiakos” çox ciddi rəqibdir. Ötən il Avropa Konfrans Liqasının qalibi olub. Bu mövsüm isə ən sürətli futbol oynayan komandalardan biridir. Futbolçularımız oyundan-oyuna daha yaxşı formaya düşürlər. Məncə, rahat çıxış edəcəyik. Çünki stress istər-istəməz az olacaq”.