Kurban Berdıyev rəsmən “Turan Tovuz”da!

Türkmənistanlı futbol mütəxəssisi Kurban Berdıyev Azərbaycan təmsilçisi “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

71 yaşlı məşqçi ilə “2+1” illik müqavilə imzalanıb. Tərəflər işbirliyindən razı qalsalar, 2026-cı ildə müddət daha bir il artırılacaq.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa”, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) kimi komandalara rəhbərlik edib. O, qısa müddət Türkmənistan millisində də baş məşqçi kimi çalışıb.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya Super Kuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. Berdıyev 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Xatırladaq ki, “Turan Tovuz”a son olaraq Ayxan Abbasov rəhbərlik edib. O, bu yay postundan ayrılmaq məcburiyyətində qalıb. Abbasov da yeni mövsümdən “Şamaxı”ya rəhbərlik edəcək.

Qeyd edək ki, “Turan Tovuz” ötən mövsüm Azərbaycan Premyer Liqasında 48 xalla 6-cı yeri tutub.