“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyun iki fərqli hissədən ibarət oldu. Birinci hissədə kifayət qədər aktiv oynadıq. Əlimizə düşən imkanlardan istifadə edə bilməsək də, ilk hissədən razı qaldım. İkinci hissədə hesabı qoruyub saxlamaq hissi futbolçulara daha çox təsir etdi. “Sumqayıt”ın da haqqını vermək lazımdır. Kifayət qədər keyfiyətli futbolçulardan ibarət güclü komandadır. İkinci hissədə çox yaxşı oynadılar. İki güclü rəqibə qarşı oynamışıq. Görünən odur ki, bu oyunlardan sonra üzərində düşünməli olduğumuz məqamlar var. İnşallah, getdikcə hər şey daha da yaxşı olacaq”.
Kurban Berdıyev “Turan Tovuz” azarkeşlərinə də təşəkkür edib:
“Tovuzlu azarkeşlər məni yaxşı mənada təəccübləndirdilər. “Neftçi” ilə oyunda da uzun məsafə qət edib bizi dəstəkləməyə gəlmişdilər. Bu oyunda da stadionu demək olar ki, doldurmuşdular. Onlara təşəkkür edirəm. Həqiqətən möhtəşəm atmosfer yaratmışdılar”.
Samir Abasov: “Transfer yoxdursa, belə davam edəcəyik”
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“İkinci hissədə qol vurmaq üçün çox əziyyət çəkdik. Təəssüf ki, oyun alınmadı. Buradan xalsız dönürük. Bəzi futbolçular yaxşı oyun keçirdilər. Oyunda yaxşı dinamika var idi. Futbolçuların basqıya reaksiya verməsi məni qane etdi. Onlara təşəkkür edirəm. Nəticəyə görə çox üzülürlər. Birinci hissədə bir-iki nəfərin zənciri qırması rəqibin üstünlüyünə çevrilirdi. Belə şeylər də olacaq. Bu da bir təcrübədir. İkinci hissədə oyun tam nəzarətimiz altında keçdi. Çempionat yeni başlayıb. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
Samir Abasov ehtiyat oyunçular skamyasının qısa olmasına dair suala isə belə cavab verib:
“Dəfələrlə demişəm, yenə təkrarlayıram. Bu haqda mənə sual verməyin. Transfer yoxdursa, belə davam edəcəyik. Transfer olmayacaq deyə, məqsədimizdən dönməyəcəyik. Bir oyunda məğlub olmuşuq. Bu gün üçün çox möhkəm komandayıq”.
Hücumçu Nikola Vuynoviçin çıxışına münasibət bildirən Abasov, hakimlərin mübahisəli qərarlarına da toxunub:
“Qol vura bilməməyimiz tək Vuynoviçlə bağlı deyildi. Bu gün hücum xəttində çox şey alınmırdı. Hücumameyilli oyunçulara irad bildirə bilmərəm. İlk hissədə cinah müdafiəçilərimiz aktiv deyildilər. İkinci hissədə isə rəqib qapanandan sonra bizim üçün çətin oldu.
Cordan Rezabalaya qarşı qayda pozuntusuna gəlincə, həmin epizodu hakim görməyə bilər. Bəs VAR hara baxır? Hakim atmosferə düşə bilər. Oyun çox dayanırdı. Əlavə vaxt çox olmalı idi. Bilərəkdən edib-etmədiyini bilmirəm”.