Kurban Berdıyev – “Turan Tovuz”un yeni baş məşqçisi!

2023/2024 mövsümü bitən kimi Ayxan Abbasovla yollarını ayıran “Turan Tovuz”u yeni mövsümdə Kurban Berdıyev çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə açıqlamasında “Turan Tovuz” klubunun İdarə Heyətinin üzvü Əli Balakişiyev məlumat verib.

O, türkmənistanlı mütəxəssislə müqavilə bağlayacaqları tarixi də açıqlayıb. Klub rəsmisinin sözlərinə görə, 71 yaşlı mütəxəssis iyunun 18-də Bakıya gələcək və həmin gün onunla müqavilə bağlanacaq.

Xatırladaq ki, Kurban Berdıyev sonuncu dəfə 2023-cü ildə Rusiyanın “Dinamo” (Mahaçqala) komandasında baş məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis daha çox Kazan “Rubin”indəki fəaliyyəti ilə məşhurdur. O, 2001-2013 və 2017-2019-cu illər aralığında bu komandaya rəhbərlik edib.

Berdiyevin çalışdırdığı komandalar arasında “Ximik Djambul”, “Taras”, “Gənclərbirliyi”, “Kayrat”, “Kaspi”, “Nisa” (Aşqabat), “Kristal Smolensk”, “Rostov”, “Traktor” və “Soçi” də var. O, 1999-cu ildə Türkmənistan yığmasının da baş məşqçisi olub.

Xatırladaq ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünü 48 xalla 6-cı pillədə başa vurub. Bu komandaya 2022-ci ilin yayından Ayxan Abbasov rəhbərlik edirdi. Lakin klub rəhbərliyi 2023/2024 mövsümü bitən kimi gözlənilmədən onun istefasını açıqladı. Yeri gəlmişkən, 42 yaşlı mütəxəssis də növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Şamaxı”nın baş məşqçisi olacaq. Onunla Şamaxı klubunun rəhbərliyi bütün məsələlərdə razılığa gəliblər. Klubun bu təyinatı qısa zaman içində açıqlaması gözlənilir. Ötən mövsümü Birinci Liqada keçirmiş “Şamaxı”da da mövsüm bitən kimi Ramiz Məmmədovla yolların ayrıldığı açıqlanmışdı.