Kurtua: “De Bröynenin başqa kluba keçəcəyinə əmin idim”

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua həmyerlisi Kevin De Bröynenin “Mançester Siti”dən ayrılmağa qərar verməsinə münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, 32 yaşlı qolkiper Belçika millisindəki komanda yoldaşının bu qərarına belə şərh verib:

“O, Belçika tarixinin, həmçinin İngiltərə Premyer Liqasının ən yaxşı oyunçularından biridir. Mən onun başqa komandaya keçəcəyinə əmin idim. Ona görə də bu, məni təəccübləndirmədi”, deyə Kurtua vurğulayıb.

Xatırladaq ki, Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. O, bir neçə gün öncə cari mövsümün bitməsilə Mançester təmsilçisindən ayrılacağını bəyan edib. De Bröynenin “Mançester Siti”dən ayrılandan sonra azad agent kimi Səudiyyə Ərəbistanına üz tutacağı iddia olunur. Onun xidmətində “Əl-İttihad” klubunun maraqlı olduğu bildirilir.

Cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 32 oyun keçirib. O, bu oyunlarda 4 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Kevin De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 414 oyun, 106 qol və 174 məhsuldar ötürmədən ibarətdir.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.