Kurtua: “MS inanılmaz mövsüm keçirir, bizimsə bəxtimiz gətirmədi”

“Real”ın qapıçı Tibo Kurtua UEFA Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, İspaniya klubunun belçikalı qolkiperi 0:4 hesabıyla (ilk oyun 1:1) uduzduqları matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Matçı daha ətraflı təhlil etmək üçün oyunun təkrarını nəzərdən keçirməliyəm. Rəqibimiz həddindən çox hücum qurdu, qapımıza zərbə endirdi. Biz onlara bunu etməyə imkan verməməliydik. Ötürmələrlə oynamaq daha asan olmalı idi. “Mançester Siti” inanılmaz mövsüm keçirir. Xüsusilə də doğma meydanda onlara qarşı mübarizə aparmaq çox çətindir. Ona görə də maksimum gücümüzlə oynamalı idik.

Deməzdim ki, “Mançester Siti”nin bu oyuna belə başlaması bizi təəccübləndirdi. Əksinə, biz bu təzyiqə hazır idik. Başa düşdük ki, topa sərbəst sahib olmağımıza imkan verməyəcəklər. Cərimə meydançamıza geri çəkilməyə hazır idik”.

Tibo Kurtua “Real”ın zəif oyununun səbəblərindən də söz açıb: “Ən böyük problem hücum oyunu qura bilməməyimizdir. Biz şans yaratmadıq və “Mançester Siti” getdikcə daha rahat oldu. Deyəsən bəxtimiz gətirmədi. Qol vurdular, sonra Toni Kroosun zərbəsi qapı çatından döndü. Ötən mövsüm belə xırda şeylərdə bəxtimiz gətirmişdi, amma bu mövsüm yox. Fasilədə bu matçın gedişatını dəyişə biləcəyimizə əmin idik. Amma ən yaxşı ötürmə oyunumuzu oynaya bilmədik və bu, bizə baha başa gəldi”.

“Real”ın müdafiəçisi Dani Karvahal da ağır məğlubiyyətlə bağlı fikirlərini bölüşüb:

“Bu görüşdə bizdən güclü olan rəqiblə oynadıq. Bizdən kifayət qədər inamlı oynadılar. Etiraf edə bilərik ki, “Mançester Siti” daha güclü idi. Bizim üçün isə nəsə çatışmırdı. Söhbət əhval-ruhiyyədə deyil, hədəfə qarşı özümüzü çox sıxışdırmağa imkan verməyimizdən gedir. Ən yaxşı qol şansımız ikinci hissədə oldu. “Mançester Siti”nin öz meydanında daha çox güclü çıxış edəcəyini bilirdik. Lakin ilk oyundan sonra hiss etdik ki, daha yaxşı oynaya bilərik. Topa nəzarət baxımından daha yaxşı olmalıyıq. Biz Madrid “Real”ıyıq, daha da güclənəcəyik və növbəti mövsüm turnirin finalında oynamaq üçün çox çalışacağıq”.