Kvabena Ovusu Macarıstan klubunda – “Qarabağ” rəsmən açıqladı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” hücumçusu Kvabena Ovusu ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qanalı forvardı Macarıstanın “Ferentsvaroş” klubuna satıb.

Bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamada bunlar qeyd edilib:

“Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu Kvabena Ovusu Macarıstanın “Ferentsvaroş” klubuna transfer olub. Ovusuya göstərdiyi xidmətlərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq!”

Xatırladaq ki, Ovusunun “Qarabağ”la müqaviləsinin müddəti bu ilin yayında bitəcəkdi. Lakin həm Macarıstan klubu, həm də futbolçu özü bu transferin məhz qışda gerçəkləşməsini istədiyi üçün, Ağdam klubu bu keçidə mane olmayıb. Azərbaycan çempionu bu transferdən 300 min avro qazanc götürəcək.

Artıq “Ferentsvaroş” rəsmi saytı vasitəsilə Ovusunun transferini açıqlayıb. 25 yaşlı forvardla 2.5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ovusu 2020-ci ilin yanvarında İspaniyanın “Leqanes” klubundan 300 min avro qarşılığında “Qarabağ”a transfer olunmuşdu. O, 2021/22 mövsümündə Türkiyənin “Ankaragücü” klubunda icarədə də olub. Qanalı futbolçu Azərbaycan klubunda bütövlükdə 78 oyuna çıxıb, 19 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Ovusu “Akkra”, “Toledo”, “Leqanes”, “Real Ovyedo”, “Kartaxena”, “Salamanka”, “Kordoba” kimi klublarda da forma geyinib. O, Qana milli komandasında da 3 oyun keçirib.