Moskva “Spartak”ının sol cinah vingeri Kvinsi Promes Amsterdam məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığı ittihamı üzrə təqsirli bilinib.
Arena.az “De Telegraaf” nəşrinə istinadən məlumat verir ki, məhkəmə Promesin 6 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.
Daha əvvəl məlum olmuşdu ki, Promesi 1370 kq ağırlığında külli miqdarda kokainin qaçaqmalçılığında iştirak etdiyinə görə 9 il həbs cəzası gözləyir. Niderland prokurorluğu məhkəmə iclasında futbolçuya məhz bu müddətin verilməsini istəmişdi.
Məhkəmənin fikrincə, Promes 2020-ci ilin yanvarında Antverpen limanına gəlmiş iki partiya kokainin qaçaqmalçılığında “həlledici rol” oynayıb. Kvinsi özü məhkəmə iclasında iştirak etməyib, belə ki, Niderland prokurorluğu Promesin Rusiyada ekstradisiyasına nail ola bilməyib.
Üstəlik, Promes Niderlandda qanunla bağlı ciddi fəsadlar yaşamaqda davam edir. Futbolçu daha əvvəl əmisi oğlunu bıçaqladığına görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Beləliklə, Promes üçün ümumi həbs cəzası 7,5 ildir.
Vurğulanır ki, Promes məhkəmənin qərarından şikayət ünvanlamaq niyyətindədir.
Kvinsi Promes “Amsterdam”, “Ayaks”, “Harlem” və “Tvente”nin futbol məktəblərində yetişib. Kvinsi böyük futbolda “Tvente”nin heyətində debüt edib. Promes karyerası ərzində “Qou Ehed İqlz”, “Spartak” (Moskva), “Sevilya” və “Ayaks”da çıxış edib.
Moskva “Spartak”ı Promesi 2021-ci ilin fevralında 8,50 milyon avro müqabilində “Ayaks”dan öz heyətinə qatıb. Holland futbolçunun Rusiya nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Promes “Spartak”ın heəytində 21 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə verib.
Kvinsi Promesin qənimətlər muzeyində “Ayaks”la qazandığı Niderland Super Kuboku (2020), həmçinin “Spartak”la əldə etdiyi Rusiya Premyer Liqası (2017), Rusiya Kuboku (2022), Rusiya Super Kuboku (2017/2018) var. Promes 2017-ci ildə Rusiya Premyer Liqasında ilin oyunçusu seçilib. Hollandiyalı vinger 2017/2018 mövsümündə 15 qolla Rusiya Premyer Liqasının və 2021/2022 mövsümündə 4 qolla Rusiya Kubokun ən sərrast futbolçusu olub.
Kvinsi Promes 2014-cü ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 50 oyuna 7 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 32 yaşlı vingerin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.