“Neftçi”nin mərkəz müdafiəçisi Solomon Kvirkveliya futbol üzrə Gürcüstan milli komandasının heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, qonşu ölkənin milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşıb.
Batumidəki “Adjarabet Arena”da baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı 15-ci dəqiqədə qonaq komanda açıb. Gürcülər buraxılan qolun əvəzini 60-cı dəqiqədə çıxıblar. Qalan dəqiqələrdə başqa qol qeydə alınmadığı üçün matç 1:1 hesabıyla başa çatıb.
Kvirkveliya bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Azərbaycan Premyer Liqasından Gürcüstan yığmasına dəvət almış digər futbolçular – Luka Quqeşaşvili ilə Davit Volkov isə bu görüşün iştirakçısı olmayıblar. Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol “Qarabağ”ın qapıçısı ilə “Sabah”ın hücumçusunu sonadək ehtiyatda saxlayıb.
Xatırladaq ki, Solomon Kvirkveliya 2022-ci ilin iyul ayından “Neftçi”də forma geyinir. 31 yaşlı müdafiəçi paytaxt təmsilçisində 31 oyuna çıxıb və 2 qola imza atıb. O, daha öncə “Rubin”, “Lokomotiv” (Moskva), “Rotor”, “Nefteximik”, “Qaqra”, “Metallist” kimi klubların da formasını geyinib. Təcrübəli futbolçu Gürcüstan yığmasında 47 oyun keçirib.
Bir neçə gün öncə elə Batumidə keçirilmiş yoxlama oyununda 71 dəqiqə meydanda olan və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Davit Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında indiyə qədər 5 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb. Təcrübəli hücumçu 2022-ci ilin iyul ayından “Sabah”da forma geyinir. Volkov paytaxt təmsilçisində 30 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. Gürcü daha öncə Azərbaycanda “Zirə” (68 oyun, 22 qol, 11 məhsuldar ötürmə) və “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) də forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da da oynayıb.
Həm Monqolustanla, həm də Norveçlə matçlarda ehtiyatda qalan Luka Quqeşaşvili isə millidə cəmi 1 matç keçirib. O, 2022-ci ilin yanvarından oynadığı “Qarabağ”da isə 27 matça çıxıb. Luka əvvəllər “Dila”, “Rekreativo”, “Podlaska”, “Yagelloniya”, “Dinamo” (Tiflis) kimi klublarda çıxış edib.


