Ləman Hacıyeva şahmatın rapid və blits növləri üzrə qadnlar arasında təşkil olunmuş Azərbaycan çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, Bakı Şahmat Klubunda keçirilmiş yarışda şahmatçılar əvvəlcə rapid, son gündə isə blitsdə mübarizə aparıblar.
Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib.
İki yarışın yekununa əsasən 14 xal toplayan Ləman Hacıyeva Azərbaycan çempionatının qalibi olub. Ayan Allahverdiyeva 13,5 xalla ikinci yeri tutub. Hərəyə 13 xal toplayan Türkan Məmmədyarova və Xəyalə Abdulla müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərdə üstün olan Türkan Məmmədyarova turniri üçüncü yerdə başa vurub.
Qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 3000 manat təşkil edirdi.
Daha öncə kişilər arasında da rapid və blits üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşmişdi. İki yarışın yekununa əsasən 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olmuşdu. Abdulla Qədimbəyli 9,5 xalla ikinci yeri tutmuşdu. Hərəyə 9 xal toplayan Kənan Qarayevlə Əhməd Xaqan müvafiq olaraq 3-4-cü yerləri bölüşdürmüşdülər. Əlavə göstəricilərdə üstün olan Kənan Qarayev turniri üçüncü yerdə başa vurmuşdu.
Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyırdı. Reqlamentə əsasən, ilk üç yeri tutan şahmatçılar ölkəmizi mundiallarda təmsil etmək hüququ qazanıblar. Sözügedən dünya çempionatı 26-30 dekabr aralığında təşkil olunacaq. Mundialın mükafat fondu 1 milyon ABŞ dollarıdır.