La Liqa: “Barselona” 27-ci çempionluğu təmin etdi!

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 34-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Selta” – “Valensiya” qonaqların qələbəsiylə yekunlaşıb. “Sevilya” da “Valyadolid”lə səfər matçında darmadağına sevinib. “Elçe”nin qonağı olan Madrid “Atletiko”su isə turu xalsız başa vurub.

Günün son oyunu “Espanyol”la “Barselona” arasında baş tutub. Qonaqlar Kataloniya derbisində qalib gələcəkləri halda çempionluğu təmin edəcəkdilər. Altı qolluq qarşılaşma məhz “Barselona”nın inamlı qələbəsiylə yekunlaşıb və bu komanda mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

Hazırda “Barselona” 85 xalla vahid liderdir. “Real” 71 xalla ikinci, “Atletiko” 69 xalla üçüncü pillədə qərarlaşıb.

Bu, Kataloniya nəhənginin sayca 27-ci İspaniya çempionluğudur. “Barselona” 27 dəfə də La Liqanın gümüş medallarını qazanıb. Ən çox çempionluğu olan komanda isə Madrid “Real”ıdır – 35! Üçüncü sırada isə 11 çempionluqla “Atletiko” qərarlaşıb.

Xatırladaq ki, 34-cü tura sabah keçiriləcək “Betis” – “Rayo Valyekano” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
34-cü tur
12 may

Malyorka – Kadis 1:0
Qol: Maffeo, 16.

13 may

Real Sosyedad – Jirona 2:2
Qol: Oyarzabal, 5-pen. D.Silva, 24 – Kouto, 37. Stuani, 45+3.

Osasuna – Almeriya 3:1
Qol: Budimir, 46. Ezzalzuli, 51. M.Qomes, 81 – Lazaro, 90+2.

Vilyarreal – Atletik 5:1
Qol: Baena, 24; 90. N.Cekson, 37; 50. A.Paredes, 61-öz qapısına – Sanset, 45+3.

Real – Xetafe 1:0
Qol: M.Asensio, 70.

14 may

Selta – Valensiya 1:2
Qol: Seferoviç, 60 – Kluyvert, 8. Mari, 88.

Elçe – Atletiko 1:0
Qol: Fidel, 41.

Valyadolid – Sevilya 0:3
Qol: Mir, 50. P.Qomes, 79. Korona, 90+3.

Espanyol – Barselona 2:4
Qol: Puado, 73. Xoselu, 90+2 – Levandovski, 11; 40. A.Balde, 20. Kunde, 53.

15 may

23:00. Betis – Rayo Valyekano