La Liqa: “Espanyol” da elita ilə vidalaşdı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 37-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər oyunları sonuncu oyun gününə təsadüf edib.

“Almeriya” – “Valyadolid” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Valensiya” – “Espanyol” matçında da qalib müəyyənləşməyib. Bu heç-heçənin ardından “Espanyol”un La Liqanı tərk edəcəyi dəqiqləşib. Hazırda 36 xalla 19-cu olan bu komanda son turda qalib gəlsə belə, 17-ci sıraya çıxa bilməyəcək. Beləcə, sonuncu olan “Elçe”nin ardından “Espanyol” da Sequndaya yuvarlanıb. Elitanı tərk edəcək sonuncu komandanın adına isə sonuncu – 38-ci turda aydınlıq gələcək.

Çempionluğu təmin etmiş “Barselona” bu tur “Malyorka”nı, “Atletiko” “Real Sosyedad”ı, “Kadis” “Selta”nı, “Xetafe” “Osasuna”nı, “Rayo Valyekano” isə “Vilyarreal”ı məğlub yola salıb. “Atletik” evdə “Elçe”yə, “Jirona” da “Betis”ə uduzub.

Beləliklə, 37 turdan sonra “Barselona” 88 xalla vahid liderdir. “Real” 77 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” 76 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad”ın 68, “Vilyarreal”ın 63, “Betis”in 59, “Osasuna” və “Atletik”in 50, “Jirona”, “Rayo Valyekano” və “Sevilya”nın 49 xalı var.

İspaniya, La Liqa
37-ci tur
27 may

Sevilya – Real 1:2
Qol: Mir, 3 – Rodriqo, 29; 69.

28 may

Almeriya – Valyadolid 0:0

Atletik – Elçe 0:1
Qol: Boye, 90+2.

Atletiko – Real Sosyedad 2:1
Qol: Qrizmann, 37. Molina, 73 – Sörlot, 88.

Barselona – Malyorka 3:0
Qol: Fati, 1; 24. Qavi, 70.

Kadis – Selta 1:0
Qol: Sobrino, 53.

Xetafe – Osasuna 2:1
Qol: Latasa, 39. Mata, 90 – Avila, 2.

Jirona – Betis 1:2
Qol: M.Qutyerres, 36-pen – B.İqlesias, 47; 77.

Rayo Valyekano – Vilyarreal 2:1
Qol: De Tomas, 56. Palazon, 63 – Lo Çelso, 83.

Valensiya – Espanyol 2:2
Qol: D.Lopes, 38. Lino, 90+3 – Montes, 40. Breytveyt, 50.