Almaniyanın “Volfsburq” klubunun fransalı mərkəz müdafiəçisi Maksans Lakrua bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Transfer “Kristal Pelas”a 18 milyon avroya başa gəlib. 24 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Maksans Lakrua “Soşo”nun yetirməsidir. “Volfsburq” onu 2020-ci ilin yayında 5 milyon avroya transfer etmişdi. Fransalı futbolçu Bundesliqa klubunun heyətində 130 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Fransanın U-16, U-17, U-18 və U-20 yığmalarında da oynayıb.
“Kristal Pelas” London “Arsenal”ının hücumçusu Eddi Nketianı da heyətinə qatıb. Klub 25 yaşlı ingiltərəli forvardın transferi üçün “topçular”a 29,7 milyon avro ödəyib. Əslən Qanadan olan forvardla da 5 illik müqavilə imzalanıb.
Eddi Nketia futbola “Çelsi”də başlasa da, “Arsenal”ın yetirməsi hesab olunur. O, London klubunun əsas komandasında 168 oyuna çıxıb, 38 qol vurub, 7 qol ötürməsi verib. Eddi bir mövsüm “Lids”də icarədə də olub.
İngiltərənin U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış Nketia, 2023-cü ildə əsas millidə də bir oyun keçirib.
“Kristal Pelas” “Çelsi”nin mərkəz müdafiəçisi Trevo Çaloba ilə “Nottingem Forest”in qapıçısı Matt Törneri də icarəyə götürüb. Onların hər ikisi bu mövsümün sonuna kimi Premyer Liqa təmsilçisinin formasını geyinəcəklər. Yayda isə müqavilə ilə məxsus olduqları klublara qayıdacaqlar.
“Kristal Pelas” iki futbolçusunu da icarəyə verib. Yarımmüdafiəçi Nauiru Ahamada Fransanın “Renn” klubuna, Hücumçu Odsonn Eduard isə “Lester Siti”yə keçib. İcarə müddəti bu mövsümün sonuna kimidir.
Ahamada “Kristal Pelas”da 103 oyuna 21 qol vurub, 5 assist müəllifi olub. Eduard isə bu komandada keçirdiyi 31 oyunda fərqlənə bilməyib.