Lamin Kamara gəldi, Məhəmməd Kamara satıldı – “Monako”da

Seneqal yığmasının və Fransanın “Mets” klubunun mərkəz yarımmüdafiəçisi Lamin Kamara bundan sonra “Monako”nun formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə knyazlıq təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Monako” bu transferi 15 milyon avroya rəsmiləşdirib. 20 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Lamin Kamara 2023-cü ilin fevral ayından “Mets”in formasını geyinirdi. Gənc yarımmüdafiəçi bu klubun əsas komandasında 37 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Seneqalın U-20 və U-23 yığmalarında da oynamış Lamin, 2023-cü ilin yanvarından əsas millidə forma geyinir. O, Seneqal milli komandasının heyətində meydana çıxdığı 13 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Lamin Kamaranı heyətinə qatan “Monako” Malidən olan dayaq yarımmüdafiəçisi Məhəmməd Kamaranı da Qətərin “Əl-Sədd” klubuns atıb. Liqa 1 təmsilçisi bu satışdan 16,5 milyon avro qazanıb. 24 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

“Monako” Məhəmməd Kamaranı 2022-ci ilin yayında Avstriyanın “Zalsburq” klubundan 15 milyon avroya transfer etmişdi. O, knyazlıq təmsilçisində 57 oyuna çıxıb, 1 qol və 5 assist müəllifi olub.

Məhəmməd Kamara daha öncə “Zalsburq”, “Liferinq” və “Hartberq”də də oynayıb. Malinin U-17, U-20 və U-23 yığmalarında oynamış yarımmüdafiəçi 2019-cu ilin oktyabr ayında əsas millidə debüt edib. O, yığma komandada 25 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb.

Xəbəri istədiklərinizlə paylaşın