“Barselona”nın və İspaniya yığmasının gənc mərakeşəsilli sağ cinah vingeri Lamin Yamal Kataloniya klubu ilə yeni müqavilə bağlayıb.
Arena.az az xəbər verir ki, bu barədə La Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Gənc istedadla sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb. Müqavilədə yer alan bəndə əsasən, futbolçunun sərbəst qalma məbləği 1 milyard avro olacaq.
Yamalın “Barselona” ilə əvvəlki müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın yetirməsidir. O, 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Vinger cari mövsüdəm İspaniya çempionatında keçirdiyi 8 oyunda 1 məhsuldar ötürmə verib. Ümumilikdə Yamal “Barselona”nın heyətində 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 16 yaşlı Yamalı 25 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Yamal bir müddət öncə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasına qarşı səfər oyununun (7:1) 44-cü dəqiqəsində Dani Olmonu əvəzləyərək İspaniya yığmasının heyətində debüt edib. O, debüt matçında qol da vurub və bir sıra rekordlara imza atıb. Belə ki, o, İspaniya yığmasında debüt etmiş ən gənc futbolçudur. Yamal bu oyunda cəmi 16 yaş 57 günlüyündə meydana çıxıb və bu göstəricidə keçmiş rekordçu Qavini geridə qoyub. O, İspaniya yığmasında qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb və Qavinin bu rekordunu da yeniləyib.


