“Barselona”nın və İspaniya yığmasının cinah hücumçusu Lamin Yamal Kataloniya klubundakı karyerası haqda söhbət açıb.
Arena.az nüfuzlu italyan jurnalsit-insayder Fabritsio Romanoya istinadən, yeniyetmə futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən “Barselona”nın tarixində bir əfsanə kimi yadda qalmaq istərdim. Arxamca bir irs buraxmaq əla olardı. Bu böyük klubun tarixinin bir hissəsi olmaq inanılmaz bir məqamdır”, deyə Yamal duyğusalcasına bildirib.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 13 oyuna 5 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 64 oyun, 12 qol və 16 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.