Lamin Yamal Çempionlar Liqasında ilkə imza atdı

“Barselona”nın və İspaniya yığmasının gənc mərakeşəsilli sağ cinah vingeri Lamin Yamal UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, Çempionlar Liqasında start heyətdə yer alan ən gənc futbolçu ünvanına sahib çıxıb.

İspaniya nəhənginin ötən gecə “Portu”nu səfərdə tək qolla yendiyi qrup mərhələsinin 2-ci tur matçında Yamal start heyətində meydana çıxıb. Bunu 16 yaş 83 günündə bacaran oyunçu yeni rekordçu olub.

İndiyə qədər bu rekord Selestin Babayaroya aid idi. O, 1994-cü ildə 16 yaş 86 günlük ikən start heyətində meydana çıxmışdı. Yamal 3 günlük fərqlə onu geridə qoyub.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın öz yetirməsidir. O, 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Vinger cari mövsümdə İspaniya çempionatında keçirdiyi 8 oyunda 1 məhsuldar ötürmə verib. Ümumilikdə Yamal “Barselona”nın heyətində 11 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 16 yaşlı Yamalı 25 milyon avro məbləğində qiymətləndirir.

Yamal bir müddət öncə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasına qarşı səfər oyununda (7:1) debüt matçına çıxmaqla və həmin görüşdə qol vurmaqla da bir sıra rekordlara imza atmışdı.

Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun Yaroslav Rakitski də Çempionlar Liqasında ilkə imza atıb. O, qitənin ən nüfuzlu klub turnirində qol vuran ən yaşlı ukraynalı olub. Təcrübəli müdafiəçi “Antverpen”lə Belçikadakı matçda (3:2) qələbəyə qollardan birini vurmaqla töhfə verib. Rakitski bunu 34 yaş 62 günlüyündə bacarıb. Əvvəlki rekord 33 yaş 36 günlüyündə fərqlənən Andrey Şevçenkoya aid idi.

Rakitski buna qədər ÇL-də son qolunu “Zenit”də vurmuşdu. O, 2021-ci ildə “Malmö”nün qapıçısını məyus etmişdi.