Lamin Yamal ÇL-də daha bir ilkə imza atdı

Çempionlar Liqasının 1/8 final mərhələsində “Napoli”yə qarşı ilk, səfər oyunu (1:1) “Barselona”nın vingeri Lamin Yamal üçün əlamətdar olub.

Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, Yamal qitənin ən mötəbər klub yarışının ələmə mərhələsi çərçivəsində meydana çıxmış ən gənc oyunçu olub.

Oyunun keçirildiyi 21 fevral günü Yamal 16 yaş 223 günlüyündə olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.