Lamin Yamal – DÇ və AÇ tarixində qol vurmuş ən gənc futbolçu!

AÇ-2024-ün yarımfinalında Fransa yığmasına qarşı oyun İspaniya yığmasının vingeri Lamin Yamal üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, İspaniya yığmasının 2:1 hesablı əzmkar qələbə qazandığı oyunda Yamal komandasının bərabrəlik qolunun müəllifi olub.

Bununla da 16 yaşlı yeniyetmə Yamal mötəbər yarışlar (Dünya və Avropa çempionatları) tarixində qol vurmuş ən gənc futbolçu olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.