“Barselona”nın ispaniyalı yeniyetmə cinah hücumçusu Lamin Yamal avqust ayında İspaniya La Liqasının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.
Yamal cari mövsümdə “baluqrana” üçün bütün yarışlarda 4 keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Yamal bu yaxınlarda “Qızıl top” mükafatına namizəd təqdim edilib və bununla da yeniyetmə ispaniyalı futbolçu mükafatın tarixi ərzində qənimətə ən gənc iddiaçı olub.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.