Lamin Yamal – La Liqada sentyabrın ən yaxşı futbolçusu!

“Barselona”nın ispaniyalı cinah hücumçusu Lamin Yamal geridə qalmış sentyabr ayında İspaniya La Liqasının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.

Sentyabrda Yamal La Liqa çərçivəsində 4 oyuna çıxıb və bu oyunlarda 3 qol və 1 məhsuldar ötürmə ilə fərlənib.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün ilk ayının (avqust) ən yaxşı oyunçusu da “Barselona”dan seçilmişdi. Bu ada Yamalın komanda yoldaşı Rafinya layiq görülmüşdü.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 10 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 61 oyun, 12 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: