Lamin Yamal Lionel Messi ilə müqayisəsinə münasibət bildirdi

“Barselona”nın 16 yaşlı istedadlı yarımmüdafiəçisi Lamin Yamal “İnter Mayami”nin vingeri Lionel Messi ilə müqayisəsindən danışıb.

Arena.az Yamalın bu barədə fikirlərini təqdim edir:

“Bu, mətbuatın öz ixtiyarındadır. Amma heç vaxt Lionel Messi kimi oyunçu olmayacaq”, deyə Yamal təvazökarlıqla bildirib.

Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.