Lamin Yamal Lionel Messinin 10 il əvvəlki nailiyyətinə yaxınlaşdı

İspaniya La Liqasının 10-cu turunun “Sevilya” ilə ev oyunu “Barselona”nın yeniyetmə cinah hücumçusu Lamin Yamal üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, ispaniyalı futbolçu bu oyunda “blauqrana”nın 5:1 hesablı qələbəsinə məhsuldar ötürmə ilə töhfəsini verib.

Beləliklə La Liqanın geridə qalmış 10 turundan sonra Yamalın hesabında 6 məhsuldar ötürmə var. 2014/2015-ci illər mövsümündə argentinalı ulduz hücumçu Lionel Messinin La Liqanın ilk 10 turu ərzində “Barselona”nın heyətində 7 məhsuldar ötürməyə imza atmasından sonra, heç bir oyunçu müvafiq nəticəyə yaxın belə düşə bilməyib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 12 oyuna 5 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 63 oyun, 12 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.