“Barselona”nın yeniyetmə vingeri Lamin Yamal “Qızıl top”a namizədlər siyahısına daxil edilməsi haqda xəbərə münasibətini açıqlayıb.
Arena.az ispaniyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Barselona”da əla mövsüm keçirmişəm. Bu “Qızıl top”a təqdimat yalnız başlanğıcdır. Mən daha çox çalışmaq və komandama fayda vermək istəyirəm”, deyə Yamal vurğulayıb.
Yamal “blauqrana”nın argentinalı keçmiş hücumçusu Lionel Messi ilə müqayisəsinə də münasibət bildirib:
“Ən əsası – buna taxılmamaqdır. Səni tarixin ən yaxşısı ilə müqayisə edəndə, bu, nəyisə düzgün etdiyin deməkdir. Bu, məni narahat etmir, özüm olmağa çalışıram”.
Xatırladaq ki, Lamin Yamal “Barselona”nın öz yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 15 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.