Lamin Yamal “Qranada” ilə oyunda 2 qolla 2 rekorda imza atdı

La Liqanın 24-cü turunda “Qranada”ya qarşı ev oyun (3:3) “Barselona”nın ispaniyalı sağ vingeri Lamin Yamal üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda 2 qola imza atmaqla Yamal 2 rekord müəyyənləşdirib.

Əvvəla, Yamal La Liqa tarixində dubla imza atmış ən gənc futbolçu olub. İkincisi, Yamal qol və məhsuldar ötürmə cəmi üzrə 10 xallıq həddə çatmış ən gənc futbolçu olub. Yamal bu nailiyyətlərini 16 yaş 213 günlüyündə əldə edib.

Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.