Lamiyə Vəliyeva 4 qat dünya çempionu oldu!

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən mundialda dördqat dünya çempionu olub.

Arena.az xəbər verir ki, o, T13 kateqoriyasında 400 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.

Vəliyeva finişə 55,03 saniyəyə çatıb.

Bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə dördüncü dünya çempionluğudur. Vəliyeva Kobedəki turnirin ilk günündə 100 metr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Lamiyə Vəliyeva ötən il Fransanın paytaxtı Parisdə təşkil edilən dünya çempionatında da 100 və 400 metr məsafəyə qaçışda qızıl medala sahib çıxmışdı.

Lamiyə Yaponiyadakı uğuru ilə bağlı Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama da verib. 22 yaşlı paralimpiya çempionu bunları dilə gətirib:

“Mənə dəstək olanlara minnətdarlığımı bildirirəm. 4 qat dünya çempionu olmaq mənim üçün qürurverici bir hissdir. Dünya çempionatına çox güclü hazırlaşmışdım. Bu, son deyil. Parisdəki Paralimpiya Oyunlarına daha güclü hazırlaşacağam. Orada da vətənimi layiqincə təmsil edəcəyəm”.