Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil edilmiş Yay Pralimpiya Oyunlarının qalibi olub.
Arena.az xəbər verir ki, təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.
Paralimpiya və 4 qat dünya çempionumuz bu gün günorta saatlarında təsnifat yarışında sürətini yoxlayıb. O, 11,81 saniyə göstərici ilə finiş xəttini birinci keçib.
Bu kateqoriya üzrə final mərhələsi bir qədər öncə baş tutub. Həlledici yarışda 11,76 saniyə nəticə göstərən Lamiyə Vəliyeva yenə finiş xəttini birinci keçib. Nəticədə o, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.
Hazırda Azərbaycanın hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. Daha öncə İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Roman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxmışdılar. Bu göstərici ilə Azərbaycan medal sıralamasında 23-cü sırada qərarlaşıb.


