Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Arena.az bu barədə Milli Paralimpiya Komitəsinə istinadən məlumat verib.
İdmançı T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub. Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
Qeyd edək ki, bu, 22 yaşlı paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva ötən il Parisdə təşkil edilmiş mundialda da 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanmışdı.
Azərbaycan paraatleti bu uğuru münasibətilə fikirlərini də paylaşıb: “Bu gün üçüncü dəfə dünya çempionu oldum. Çox qürur duyuram. Özümdən bu nəticəni gözləyirdim. Qarşıda məni 400 metr məsafə üzrə daha bir final gözləyir. Ona hazırlaşıram. Həmin məsafədə də özümdən gözləntim çoxdur. Öz vətənimi layiqincə təmsil edəcəyəm”.