“Lans” Onananı gətirdi, Berqi satdı

Fransanın “Lans” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Bordo”nun yarımmüdafiəçisi Jan Onananı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Lans” bu transfer üçün “Bordo”ya 4 milyon avro ödəyib.

Kamerundan olan futbolçu peşəkar karyerasına Portuqaliyanın “Leyksoeş” klubunda başlayıb. Daha sonra o, Fransanın “Lill” klubuna keçib. 2020/21 mövsümünü Belçika “Muskron”unda icarədə keçirən Onana, “Bordo”ya 2021-ci ilin avqustunda 2 milyon avro qarşılığında transfer olunmuşdu. Gənc yarımmüdafiəçi bu komandada bir mövsüm ərzində 26 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Jan Onana Kamerun yığmasında da 9 oyun keçirib, amma fərqlənə bilməyib.

“Lans” öz yarımmüdafiəçisi Patrik Berqi də Norveçin “Bodo Qlimt” klubuna satıb. Fransa klubu bu keçiddən 4.5 milyon avro qazanıb. “Bodo Qlimt”in öz yetirməsi olan dayaq yarımmüdafiəçisi, doğma klubu ilə 5 illik müqavilə bağlayıb.

Berq “Lans”a bu ilin yanvarında elə “Bodo Qlimt”dən, 4.5 milyon avro qarşılığında transfer olunmuşdu. O, Liqa 1 təmsilçisində 19 oyun keçirib. 24 yaşlı futbolçu Norveç milli komandasında da 11 matça çıxıb.