“Barselona”nın prezidenti Joan Laporta bu klubun keçmiş yarımmüdafiəçisi Andres İnyestanın karyerasını başa vurmasına münasibətini bildirib.
Arena.az Laportanın bu barədə fikrini təqdim edir:
“İnyesta “Barsa”nın uğurlarını və dəyərlərini başa düşməkdə açar insandır. O, klubun akademiyasından keçmiş və onun dəyərlərini özündə əks etdirən futbolçudur. Andres klubumuzun keçmişi, bu günü və gələcəyidir”, deyə Laporta bildirib.
“Barselona”nın cinah hücumçusu Lamin Yamal da İnyestanın karyerasından xatırladıqlarını danışıb. İspaniyalı futbolçunun bu barədə xatirələrini təqdim edirik:
“Düzünü desəm, 2010-cu il Dünya Kuboku ilə bağlı heç nə xatırlamıram, çünki çox kiçik idim, amma “Kamp Nou”da olduğumu və İnyestanın Messi və Neymarla oyununu izlədiyimi xatırlayıram. Andreslə hər şey çox sadə görünürdü. Futbol belə oyunçu üçün darıxacaq”, deyə Yamal bildirib.
Madrid “Real”ının yarımmüdafiəçisi Luka Modriç də İnyestaya müraciət ünvanlayb. Xorvat futbolçunun bu müraciətini təqdim edirik:
“Möhtəşəm karyeran münasibətilə səni təbrik edirəm, səninlə yarışmaq çox xoş idi. Gələcəkdə uğurlar, Andres”, deyə Modriç bildirib.
İspaniya yığma komandasının mətbuat xidməti də 40 yaşlı yarımmüdafiəçiyə müraciət ünvanlayıb:
“Futbolunuza, dəyərlərinizə, bizə verdiklərinizə görə! Çox sağ olun, Andres!” – ismarışda deyilir.
Xatırladaq ki, İnyestanın sonuncu komandası 2023-cü ilin avqustunda qoşulduğu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Emireyts” klubu olub.
İnyesta futbola “Albasete” klubunda qədəm qoyub. Buradan 1999-cu ildə “Barselona”ya yol tapmış İnyesta 2002-ci ildə “blauqrana”nın heyətində böyük futbolda debüt edib.
İnyestanın karyerasının böyük hissəsi məhz Kataloniya klubu ilə bağlı olub. İnyesta “blauqrana”nın heyətində 674 oyun keçirib, 57 qol vurub, 135 məhsuldar ötürmə verib. 2018-ci ilin iyulunda İnyesta “Barselona”dan ayrılaraq, Yaponiyanın “Vissel Kobe” klubuna keçib.
Andres İnyesta 2006-cı mayında debüt etdiyi İspaniya yığmasının heyətində 131 oyuna çıxıb, 14 qol, 30 məhsuldar ötürmə ilə fərqlənib.