Laporta Xaviyə daha öncə eyham vurubmuş: “Getsən, yaxşı olar”

“Barselona”nın prezidenti Joan Laporta ispan mütəxəssis Xavini “blauqrana”nın baş məşçisi vəzifəsindən azad etməsi haqda eyham vurub.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, hadisə ötən bazar ertəsi baş verib. Xavi sətəlcəm diaqnozu ilə xəstəxanada yatan Laportanın ziyarətinə gəlib. Elə buradaca Kataloniya klubunun prezidenti ispan mütəxəssisə öz sözünü deyib:

“Əgər mən duyğusalcasına davransaydım, o zaman işləməyinə davam etməyini istərdim. Ancaq ağlabatan fəaliyyət göstərsək, sən getsən, daha yaxşı olar”, deyə Laporta bildirb.

Xatırladaq ki, “Barselona” Xavinin qovulduğunu mayın 24-də açıqlayıb.

Daha əvvəl, “Barselona”nın prezidenti Joan Laportanın Xavini istefaya göndərmək seçimini nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Laportanı, Xavinin “blauqrana”nın heyətini yaxşılaşdırmaq zərurəti və klubun çətin iqtisadi vəziyyəti ilə əlaqədar bunun həyata keçirilməsinin çətinliyi haqda sözləri hiddətləndirib.