Lassana Kulibali “Leççe”də

İtaliyanın “Salernitana” klubunun mərkəz yarımmüdafiəçisi Lassana Kulibali bundan sonra “Leççe”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu arədə “Leççe” rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi Malidən olan 28 yaşlı futbolçunu 1,8 milyon avro müqabilində heyətinə qatıb. Tərəflər 3+1 illik müqaviləyə imza atıblar.

Lassana Kulibali Fransanın “Bastiya” klubunun yetirməsidir. O, Franasada “Anje”, Şotlandiyada “Reyncers”, Belçikada “Serkl Brügge” klublarının da formasını geyinib. 2021-ci ildən “Salernitana”da çıxış edən futbolçu bu komandada 98 oyuna çıxıb, 3 qol və 4 assistlə yadda qalıb.

2016-cı ildən Mali yığmasında çıxış edən yarımmüdafiəçi, millinin heyətində 41 oyuna çıxıb, 2 assistlə yadda qalıb.

“Leççe” Fransanın “Klermon” klubunun müdafiəçisi Andi Pelmarı da satınalma şərti ilə icarəyə götürüb. 24 yaşlı fransalı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə çıxış edəcək. Pelmar müdafiənin həm mərkəzində, həm də solunda oynamağı bacarır.

Andi Pelmar “Nitsa”nın yetirməsidir. İsveçrədə “Bazel”in də formasını geyinmiş müdafiəçi, 2023-cü ilin yayında qoşulduğu “Klermon”da 36 oyun keçirib, fərqlənə bilməyib. O, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

“Leççe” iki futbolçusunu da icarəyə verib. Mərkəz yarımmüdafiəçisi Yussef Maleh “Empoli”yə keçib. Sözügedən klub 25 yaşlı mərakeşli futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

Hücumçu Pablo Rodriqes Delqado da “Rasinq”ə icarəyə verilib. 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi İspaniya klubunda icarədə olacaq.