“Latsio” komandanın baş məşqçisi, italyan mütəxəssis Maurisio Sarrinin gələcəyi ilə bağlı rəsmi bəyanat yayıb.
Arena.az “Latsio”nun rəsmi saytında dərc edilmiş məlumatı diqqətinizə çatdırır:
“Latsio” baş məşqçisi Maurisio Sarrinin fəaliyyətinin ehtimal edilən qiymətləndirilməsi ilə bağlı iddialar mənzərəsində ona tam etimadını bir daha təsdiqləyir. Sarrinin “Latsio” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir və klubun digər məşqçilərlə əlaqələri ilə bağlı bütün şayiələr əsassızdır’, – “qartallar”ın rəsmi bəyanatında deyilir.
Maurisio Sarri “Latsio”nu 2021-ci ilin iyunundan çalışdırır. 65 yaşlı mütəxəssis “qartallar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Sarrinin “Latsio”nun sükanı arxasında ümumi mənzərəsi belədir: 136 oyun, 65 qələbə, 30 heç-heçə, 41 məğlubiyyət. Sarrinin rəhbərliyi altında “qartallar” 203 qol vurublar, 157 qol buraxıblar.
“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.
Vurğulayaq ki, Sarrinin istefası haqda şayiələr “Latsio”nun Çempionlar Liqası 1/8 final mərhələsində “Bayern”lə cavab oyununda məğlubiyəytindən sonra meydana çıxmışdı. Xatırladaq ki, “Latsio” ilk oyunda Romada 1:0 hesablı qələbə qazansa da, cavab oyununda 0:3 hesabı ilə büdrəyərək, mötəbər yarışda iştirakına xitam vermişdi.
A Seriyasına gəlincə, “Latsio” 27 oyundan 40 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi cari mövsümdə keçirdiyi 27 oyunda 12 qələbə qazanıb, 4 heç-heçə edib və 11 oyundan da məğlubiyyətlə ayrılıb.