“Latsio”nun prezidenti Klaudio Lotito komandasının italyan hücumçusu Çiro İmmobileyə və ailəsinə qarşı zorakılığa münasibətini açıqlayıb.
Arena.az “Calciomercato” dərgisinə istinadən, Lotitonun bu barədə fikirlərini təqdim edir:
“Bu mənim başıma hər gün gəlir. 20 ildir mühafizə altında yaşayıram, hər gün o qədər ölüm təhdidləri olur ki. Amma mən belə hay-küy salmıram”, deyə “Latsio”nun prezidenti bildirib.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda, bir dəstə şəxsin oğlunun oxuduğu məktəbin qarşısında İmmobile və onun həyat yoldaşını pusquya salaraq futbolçunu təhqir etməyə başladığı barədə məlumat yayılmışdı. Fiziki zorakılığın da baş verdiyi bildirilir, amma təfərrüat açıqlanmayıb. Vurğulanır ki, bu, “Latsio” tərəfdarların İmmobile və onun ailəsinə qarşı aqressiv davranışının ilk halı deyil.
Bəzi azarkeşlərin fikrincə, İmmobile başda olmaqla klubun veteranları “Latsio”dan baş məşqçi Sarrinin qovulması üçün bilərəkdən ən yaxşı çıxışlarını göstərməyiblər. Bir sözlə, azarkeşlər İmmobilenin rəhbərliyi ilə Sarriyə “torba tikildiyini” iddia edirlər.