Laurentsiu Regekampf: “İşimi itirmək qorxusu ilə çalışmıram”

Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun “Qəbələ”yə qarşı keçirəcəkləri final oyunu öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu gün matçdan öncə baş tutan mətbuat konfransına qatılıb.

Regekampf əvvəlcə bunları bildirib: “Qəbələ” yaxşı komandadır. Rəqibə hörmətlə yanaşırıq. Onların finala qədərki yoluna nəzər yetirməliyik. Çox yaxşı komandaları məğlub edərək finala yüksəliblər. Bununla belə, biz sona qədər döyüşməyə hazırıq. Sabahkı oyunda qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik, bütün şanslardan yararlanmağa çalışacağıq. Düşünürəm ki, bu oyuna hazırıq. Bununla belə, şanslar 50-nin 50-yədir”.

Mətbuat konfransına qatılan “Neftçi”nin kapitanı Emin Mahmudov da finalla bağlı gözləntilərini dilə gətirib: “Baş məşqçimiz qeyd etdiyi kimi, yaxşı komandaya qarşı oynayacağıq. “Qəbələ” topla çox oynayan komandadır, topa daha çox nəzarət etməyə çalışır. Çalışacağıq öz oyunumuzu göstərib qələbə qazanaq. Finalda hamı kuboku qazanmaq istəyir. Əlimizdən gələni edəcəyik ki, kubok bizim olsun”.

Ardından baş məşqçi və kapitan media nümayəndələrinin suallarını cavablandırıblar.

“Kuboku qazanmaq yeni müqavilədən daha vacibdir”

Laurentsiu Regekampf: “Həm 90, həm 120 dəqiqəyə, həm də penalti seriyasına hazırıq. Hər şey mümkündür. Bayaq dediyim kimi, sona qədər döyüşməyə hazırıq. Bu cür oyunlarda baş məşqçilərin təcrübəsini müqayisə etmək olmaz. Biz futbolçuları həlledici görüşə daha yaxşı hazırlamağa çalışırıq. Final oyununda şanslar bərabər olur. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq.

Sabah hansı klubu təmsil edəcəyimizi yaxşı bilirik. Bunu qürur hissi ilə etməliyik. Klubumuzu ən yaxşı tərəfdən təmsil etməliyik. Çünki “Neftçi” adı çox böyük addır. Hər bir futbolçu hansı klubun şərəfini qoruduğunu yaxşı dərk edir. Hər iki komanda ən yaxşı oyununu göstərməyə çalışacaq. Çox şadam ki, komanda olaraq finaladək irəliləmişik. Bununla qürur duymalıyıq. Bu o deməkdir ki, yaxşı işlər görmüşük.

Mənim komandada qalıb-qalmamağımla bağlı heç bir problem yoxdur. Hər gün eyni inamla çalışıram. Nəyə qadir olduğumu bilirəm. Ona görə də işimi itirmək qorxusu ilə çalışmıram. Peşəkar məşqçiyəm, müqaviləyə imza atanda hansı risklər etdiyimi bilirdim. Hər gün belə hisslərlə işləyə bilmərəm. Bu mənim həyatımdır və əldə etdiklərimə görə xoşbəxtəm”.

Emin Mahmudov: “Neftçi”nin avrokuboklara vəsiqə qazanmağı bizim üzərimizdə əlavə təzyiq yaratmır. Düşünürəm ki, hər iki komandanın üzərində eyni dərəcədə təzyiq var. Həm biz, həm də onlar titul qazanmaq istəyir. Hazırda bütün diqqətim, fikrim kubokun finalındadır. İndiki halda kuboku qazanmaq müqavilədən daha vacibdir. Əsas məqsədim kuboku qazanmaqdır”.

Xatırladaq ki, “Neftçi” ilə “Qəbələ” arasındakı final görüşü sabah – iyunun 3-də “Bakcell Arena”da keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.