Laurentsiu Regekampf “Neftçi”dən gedir

Azərbaycan Premyer Liqasında geridə qalan mövsümü 3-cü pillədə başa vuran “Neftçi” baş məşqçisi Laurentsiu Regekampf ilə yollarını ayırır.

Arena.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, buna Regekampfın Səudiyyə Ərəbistanı və Qətər klublarından sərfəli təkliflər alması səbəb göstərilir. Eyni zamanda “Neftçi” rəhbərliyi də bu mütəxəssislə yola davam etməkdə maraqlı deyil. Komandanın sərgilədiyi oyun və nəticələr heç də ürəkaçan deyil. Bu üzdən də Regekampfla müqaviləyə vaxtından əvvəl xitam verilməsi gündəmdədir.

Xatırladaq ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Bu üzdən paytaxt klubu onu istefaya göndərmək istəsə, təzminat ödəməlidir.

Rumıniya mətbuatının iddiasına görə, 47 yaşlı mütəxəssis əvvəlcə “ağ-qaralar”dan 100 000 avro təzminat tələb etməyə hazırlaşsa da, sonradan fikrini dəyişib. Tərəflər bir illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcəklər. Bu üzdən də “Neftçi” ona təzminat ödəmək məcburiyyətində qalmayacaq.

Laurentsiu Regekampf 2022-ci ilin iyun ayından “Neftçi”yə rəhbərlik edir. “Ağ-qaralar” onun rəhbərliyi altında 45 oyun keçirib, 24 qələbə qazanıblar. Qalan oyunlarda isə 8 heç-heçə və 13 məğlubiyyət qeydə alınıb.

Regekampf daha öncə “Snaqov”, “Universitatya” (Krayova), “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” (Buxarest), “Əl-Hilal”, “Liteks”, “Styaua”, “Əl-Vahda”, “Əl-Vasl”, “Əl-Əhli” kimi klublarda da baş məşqçi kimi fəaliyyət göstərib.

Sonda onu da xatırladaq ki, “Neftçi”ni qarşıda Avropa Konfrans Liqasında mübarizə gözləyir. Regekampfla yollar ayrılacağı halda klub rəhbərliyi təcili yeni baş məşqçinin kimliyini müəyyənləşdirməlidir. Əks halda nəinki Konfrans Liqasına, hətta Azərbaycan Premyer Liqasının yeni mövsümünə də yaxşı hazırlaşmaq müşkülə çevriləcək.