Laurentsiu Regekampf: “Sabah bundan ehtiyat etməliyik”

Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”ə (Limassol) qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu gün Kiprdə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabahkı oyun bizim üçün çox vacibdir. İlk rəsmi matçımızdır. Ağır təlim-məşq toplanışı keçmişik. Ümid edirəm ki, sabah çox yaxşı oyun göstərib mərhələ adlamaq üçün böyük addım atacağıq”.

Laurentsiu Regekampf daha sonra jurnalistlərin suallarını cavablandırıb:

“Üzr istəyirəm, amma sabahkı oyun üçün heyəti sizə indidən deyə bilmərəm. Təlim-məşq toplanışında çox şeyi sınaqdan keçirmişik. Komanda üzvləri arasından ən yaxşı “11-liy”i seçməyə çalışırıq. Elə oynamalıyıq ki, kimliyindən asılı olmayaraq rəqib bizə qol vurmaqda çətinlik çəksin. Söhbət təkcə müdafiə xəttindən yox, bütün heyətdən gedir. Komanda şəklində müdafiə olunmağı öyrənməliyik.

Keçmişdə nələrin baş verdiyi önəmli deyil, önəmli olan sabah nələrin baş verəcəyidir. “Aris” çox yaxşı heyətə malikdir. Çoxlu legioner və keyfiyyətli futbolçuları, həmçinin yaxşı məşqçiləri var. Çox aqressiv futbol oynayırlar. Uzun müddətdir birlikdədirlər. Buna görə də hansısa problemi aradan qaldırmaq onlar üçün daha da rahatdır. Sabah bizi asan oyun gözləmir. Rəqib aqressiv pressinq tətbiq etməyə çalışacaq. Fiziki cəhətdən də hazırdırlar. Bundan ehtiyat etməliyik. Üstəlik, azarkeş amili də ev sahibinin tərəfində olacaq. Buna baxmayaraq, öz komandama inanıram.

Təbii ki, hər bir müsbət nəticə bizim üçün faydalı olacaq, çünki qarşıda cavab oyunu da var. “Aris”ə hörmətlə yanaşırıq, amma buraya sərfəli nəticə qazanmağa gəldiyimizi də gizlətmirik. Mən və köməkçilərim hər gün futbolçularla çalışırıq. Bu müddət ərzində onlara futbol düşüncələrimizi çatdırmağa çalışmışıq, amma çox az vaxtımız olub. Eyni zamanda, onlarla fiziki cəhətdən də işləmək lazım gəlib. Üstəlik, bəziləri bizə gec qoşulub. Buna görə də bir az zamana ehtiyacımız var.

Çox təcrübəli futbolçulara sahibik. Sabahkı oyunda onların təcrübəsi bizə lazım olacaq. Bununla belə, komanda şəklində oynamaq çox vacibdir. Hər bir epizod üçün yaxşı taktika seçməliyik. Planımız var, amma oyunun gedişində hər şey dəyişə bilər. Toplanışın son oyununda konsentrasiya əvvəlki kimi olmur. Bu müddət ərzində çatışmayan cəhətlərin üzərində işləyib problemləri aradan qaldırmağa çalışmışıq”.

“Neftçi”yə hörmətlə yanaşırıq, amma ondan çəkinmirik”

Mətbuat konfransında iştirak edən “Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç də fikirlərini bildirib:

“Çox yaxşı hazırlaşmışıq. Rəqibi yaxşı təhlil etmişik. Bura nə üçün gəldiyimizi çox yaxşı bilirik. Baş məşqçimizin də vurğuladığı kimi, 2-3 həftəlik ağır təlim-məşq toplanışını geridə qoymuşuq. Düşünürəm ki, sabah buradan yaxşı nəticə ilə qayıdacağıq. Məncə, yoxlama oyunlarındakı problemlərimiz təkcə müdafiə ilə bağlı deyildi, ümumi olaraq kompakt oynamırdıq. Buna görə də çətinliklər yaranırdı, amma yeni heyət üzvləri ilə birlikdə problemləri aradan qaldırmağa, maksimum az qol buraxmağa çalışacağıq”.

“Aris”in baş məşqçisi Aleksey Şpilevski də bu gün mətbuat konfransı keçirib. O, bunları söyləyib:

“Sabah bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlıq keçmişik. “Neftçi” yaxşı komandadır. Rəqibimizin kifayət qədər avrokubok təcrübəsi var. Amma bu o demək deyil ki, bu rəqibdən qorxuruq. Sona qədər mübarizə aparacağıq. Rəqibə hörmətlə yanaşırıq, amma ondan çəkinmirik”.

34 yaşlı baş məşqçi Azərbaycan təmsilçisini yaxşı analiz etdiklərini söyləyib: “Neftçi”nin yeni baş məşqçisi, üslubu və transferləri var. Amma onlara qarşı müəyyən plan hazırlamışıq. Yaxşı oyun keçirəcəyimizə inanıram. Evdə çıxış edəcəyimiz üçün azarkeşlərin bizdən hücum futbolu tələb etməsi normaldır”.

Sabah “AEK Arena”da baş tutacaq “Aris” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.