“Neftçi”nin keçmiş baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın “Universitatya” (Krayova) komandasından ayrılmağa qərar verib.
Arena.az xəbər verir ki, rumın mütəxəssis Səudiyyə Ərəbistanının yüksək liqa klubu “Əl-Tai”nin baş məşqçisi təyin olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla bir mövsümlük müqavilə imzalanıb.
Xatırladaq ki, 2022-ci ilin iyun ayından “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü “ağ-qaralar”ın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.
Regekamp “Neftçi”dən ayrılandan sonra “Universitatya”nın (Krayova) baş məşqçisi təyin edilmişdi. O, cari mövsümdə sözügedən komandanı cəmi 8 matça çıxarmışdı. Krayovalılar bu görüşlərdə 4 qələbə qazanıblar, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüblər.
Regelampf daha öncə ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalara da rəhbərlik edib. Rumıniyalı mütəxəssis Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında baş məşqçilik edib.
“Styaua”nı iki dəfə Liqa 1-in qalibi edən mütəxəssis, bu komanda Rumıniya Super Kubokunu və Liqa Kubokunu qazandırıb. “Əl-Hilal”la Asiya Çempionlar Liqasının gümüş medallarını qazanan məşqçi, “Əl-Vahda” ilə BƏƏ Liqa Kubokunun, BƏƏ Super Kubokunun qalibi olub.


