Lautaro Martines: “Bəzən bu mükafatlar ədalətsiz olurlar”

Argentina yığmasının və “İnter”in hücumçusu Lautaro Martines “Qızıl top”un yekun səsverməsində tutduğu 7-ci yerə münasibətini bildirib.

Arena.az DAZN şəbəkəsinə istinadən, argentinalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Düzünü desəm, “Qızıl top”un səsverməsində 7-ci yerdən daha yaxşı olacağımı gözləyirdim. Bəzən bu mükafatlar ədalətsiz olurlar. Bu mövqeni yaxşılaşdırmaq üçün mən çox çalışacağam”, deyə Martines vurğulayıb.

Xatırladaq ki, 2024-cü ildə Martines “İnter”lə İtaliya A Seriyasını qazanıb, həmçinin yarışın ən sərrast futbolçusu olub. Martines həmçinin Argentina yığması ilə 2024-cü il Amerika Kubokunun qalibi olub, həmçinin yarışın ən sərrast futbolçusu olub.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 12 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 294 oyun, 134 qol, 47 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 68 oyuna çıxıb, 30 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın