Lautaro Martines Dieqo Maradonanın nailiyyətini təkrarladı

Peru yığması üzərində 1:0 hesablı ev qələbəsi Argentina yığmasının hücumçusu Lautaro Martines üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 12-ci tur oyununda Martines “albiseleste”nin vurduğu yeganə qolun müəllifi olub.

Bununla da Martinesin qol hesabı Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın milli komandada vurduğu qolların sayı ilə bərabərləşib – 32 qol.

12 turdan sonra Argentina yığması 25 xalla 2026-cı il dünya çempionatı CONMEBOL bölgəsi seçmə mərhələsinin yarış cədvəlinə başçılıq edir.

Lautaro Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edib. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb. Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 15 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 297 oyun, 135 qol, 47 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika
Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: