Lautaro Martines “İnter”də müstəsna rekorda imza atdı

İtaliya A Seriyasının “Cenoa” ilə 26-cı tur ev oyunu “İnter”in argentinalı mərkəz hücumçusu Lautaro Martines üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Martines “neradzurri”nin 1:0 hesablı qələbəsəində yeganə qolun müəllifi olaraq qəhrəmanlıq göstərib.

Bu qol Martinesin İtaliya A Seriyasının cari mövsümündə rəqib qapılarından keçirdiyi 10-cu qol olub.

“Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, Martines “İnter”in heyətində İtaliya A Seriyasının ardıcıl 6 mövsümündə ən azı 10 qol vurmağı bacarmış ilk leginer olub ki, bu da mütləq rekorddur.

Martines A Seriyasının 2019/2020-ci illər mövsümündə 14 qol, 2020/2021-ci illər mövsümündə 17 qol, 2021/2022-ci illər və 2022/2023-cü illər mövsümlərinin hər birində 21 qol, 2023/2024-cü illər mövsümündə isə 24 qol vurub.

Lautaro Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 36 oyuna çıxıb, 16 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 317 oyun, 145 qol, 49 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika
Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.