İtaliya A Seriyasının 25-ci turunda “Salernitana”ya qarşı oyun (4:0) “İnter”in argentinalı hücumçusu Lautaro Martines üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu oyunda 1 qol vurmaqla A Seriyasının cari mövsümdəki qollarının sayını 20-yə yüksəltmiş Martines özünəməxsus rekord müəyyənləşdirib.
Belə ki, Martines XXI əsrdə “İnter”in heyətində A Seriyasının ardıcıl 3 mövsümündə 20 qol həddinə çatmış ilk futbolçu kimi rekord müəyyənləşdirib.
Xatırladaq ki, Lautaro 2021/2022-ci və 2022/2023-cü illər mövsümündə A Seriyasında 21 qol vurmuşdu.
Lautaro “İnter”in ən sərrast futbolçuları siyahısında italyan mərkəz hücumçusu Kristian Vyerini ötüb və indi digər argentinalı mərkəz hücumçusu Mauro İkardi ilə 7-ci yeri bölüşür.
Hazırda Martines 20 qolla İtaliya A Seriyasının ən sərrast futbolçusudur. Argentinalı hücumçunun hesabında 2 məhsuldar ötürmə də var.
Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib. Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 31 oyuna çıxıb, 23 qol vurub, 5 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 269 oyun, 125 qol, 41 məhsuldar ötürmə.
Martines “neradzurri” ilə 1 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 54 oyuna çıxıb, 21 qol vurub, 7 məhsuldar ötürmə verib. Hücumçu 2021 Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı argentinalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.