Futbol üzrə Argentina milli komandasının mərkəz hücumçusu Lautaro Martines İtaliyanın “İnter” klubunun tarixinə düşüb.
Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər verir.
27 yaşlı futbolçu buna evdə Almaniya təmsilçisi “Bayern”lə heç-heçə (2:2) etdikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.
O, “İnter”in tarixində qitənin bir nömrəli klub turnirində ardıcıl beş matçda qol vuran ilk oyunçudur. Bundan əlavə, Martines Milan klubunun heyətində bütün yarışlarda 150 qola çatan ilk əcnəbidir. Ümumilikdə klub tarixində 6 futbolçu buna nail olub.
Xatırladaq ki, Almaniyada rəqibini 2:1 hesabı ilə üstələmiş “İnter” evdəki heç-heçənin ardından UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanıb.
Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 43 oyuna çıxıb, 21 qol vurub, 6 məhsuldar ötürmə verib.
Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 325 oyun, 150 qol, 49 məhsuldar ötürmədən ibarətdir.
Martines “İnter”lə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 95 milyon avro məbləğində qiymətləndirir.