Lautaro Martines İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçildi

“İnter”in argentinalı mərkəz hücumçusu Lautaro Martines ötən mövsüm İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.

Arena.az məlumat verir ki, müvafiq mükafat Martinesə “Gran Gala del calcio AIC 2024” mərasimində təqdim edilib.

Martines ötən mövsüm İtaliya A Seriyasında 33 oyuna 24 qol vurmaqla yarışın ən sərrast qolçusu olub, argentinalı hücumçu həmçinin 6 məhsuldar ötürmə verib və “İnter”in çempionluğunda xüsusi pay sahibi olub. “İnter” 94 xal toplayıb və ən yaxın izləyicisi, əzəli rəqibi “Milan”ı (75 xal) 19 xallıq fərqlə üstələyərək, İtaliya çempionu olub.

Lautaro Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 16 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 298 oyun, 135 qol, 47 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika
Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: