Lautaro Martines: “Mən İtaliyaya gəlməklə, bir kişi kimi…”

Argentina yığmasının və “İnter”in hücumçusu Lautaro Martines 2018-ci ildə İtaliyaya köçdükdən sonra həyatında nələrin dəyişdiyini izah edib.

Arena.az “Icon Magazine” dərgisinə istinadən, argentinalı hücumçunun bu barədə fikrini təqdim edir:

“Mən həm bir kişi, həm də bir futbolçu kimi yetkinləşmişəm. İtaliyaya 20 yaşında oğlan ikən gəlib və bu altı ildə ata və ər oldum. Bu, mənə bir futbolçu kimi tərəqqi etməyə və böyük qürurla “İnter”in kapitanı olmağa imkan verdi”, deyə Martines vurğulayıb.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 12 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 294 oyun, 134 qol, 47 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 68 oyuna çıxıb, 30 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: