Lautaro Martines: “Milan”la hər iki matçda əla iş gördük”

“İnter”in hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının yarımfinalında “Milan”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, argentinalı futbolçu 1:0 hesabıyla (ilk oyun 2:0) qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“İnanılmaz sevincli və xoşbəxtəm. Ailəmə təşəkkür etmək istəyirəm. Futbol dünyanın ən gözəl şeyidir. Çempionlar Liqasının finalında oynamaq xəyaldır.

Hər dəfə meydançaya çıxanda komanda yoldaşlarıma kömək etməyə çalışıram. Çempionlar Liqasının finalına çıxmaq şansımızın olduğunu anladıq və üzərimizə düşən vəzifəni yerinə yetirdik.

Hər iki matçda əla iş gördük. Bu, komanda gücünün nəticəsidir. Qətərdəki dünya çempionatında çox oxşar vəziyyət olduğunu düşünürəm: hamı gücünü birləşdirəndə, fürsətlərdən maksimum yararlandıqda, nəticə də olur”.

Xatırladaq ki, Lautaro Martines “Milan”la cavab görüşündə matçın adamı seçilib. Buna onun komandasının yeganə qolunun müəllifi olması da şərait yaradıb.

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu da qazandıqları uğurla bağlı fikirlərini bölüşüb:

“Milan”ı təbrik etmək istəyirəm. Onlar böyük iş görüblər. Çətin matç oldu. Amma biz də yaxşı çıxış etdik. Mən çox xoşbəxtəm. Derbilər həmişə çətin olur, amma düşünürəm ki, biz qalib gəlməyə və finala yüksəlməyə layiq idik.

Bilmirəm yadınızdadırmı, amma iki ay əvvəl arxasınca getdiyimiz yuxudan danışmışdım. İndi də mənim evimdə (ÇL-in final matçının Türkiyənin İstanbul şəhərində keçiriləcəyinə işarə edir – red.) finalda oynayacağıq. Bu, əsl yuxudur”.

“İnter”in müdafiəçisi Matteo Darmian isə qələbəni belə şərh edib:

“Özümü qürurlu və məmnun hiss edirəm. İki möhtəşəm oyun keçirərək finala vəsiqəni haqq etdik. Bu, illər ərzində verdiyimiz bütün fədakarlıqların nəticəsidir”.

Xatırladaq ki, tarixində üç dəfə Çempionlar Liqasının qalibi olmuş “İnter” sonuncu dəfə bu uğura 2009/2010 mövsümündə imza atıb. Ondan əvvəlki uğurlar isə 1964 və 1965-ci illərə təsadüf edir.

“İnter”in finaldakı rəqibi bu gecə İngiltərənin “Mançester Siti” və İspaniyanın “Real” komandaları arasındakı oyunda müəyyənləşəcək. Bu komandaların Madriddə baş tutan ilk matçında heç-heçə qeydə alınıb – 1:1. Cavab matçına bu gecə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.