Lautaro Martines və Simeone İnzaqi – A Seriyasının ən yaxşıları!

“İnter”in hücumçusu Lautaro Martines İtaliya A Seriyasında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu elan edilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Argentinalı hücumçu buna geridə qoymaqda olduğumuz mövsümdə İtaliya çempionatında meydana çıxdığı 33 oyunda 24 qol və 6 məhsuldar ötürmə sayəsində nail olub. Bunun sayəsində Lautaro mövsümü bombardir kimi başa vurub. Bomardirlik yarışında Martinesin ən yaxın izləyicisi Duşan Vlahoviçdir ki, “Yuventus”un futbolçusunun hesabında 16 qol var və argentinalıya çatması mümkünsüz görünür.

Lautaro Martines ilə yanaşı, “İnter”i çalışdıran Simone İnzaqi də A Seriyasında mövsümün ən yaxşı baş məşqçisi seçilib. O da bunu Milan təmsilçisini İtaliya çempionu etməklə bacarıb. “İnter” mövsümün sonuna 5 tur qalmış erkən çempionluğunu elan edib.

“İnter” bu mövsüm keçirdiyi 37 oyunda 29 qələbə qazanıb, 6 heç-heçə edib və cəmi 2 məğlubiyyətə üzülüb. 93 xal toplamış Milan təmsilçisi əlçatmaz zirvədə qərarlaşıb. Sözügedən komanda son turda “Verona”nın qonağı olacaq. Bu oyun mayın 26-da baş tutacaq.

İtaliya A Seriyasında mövsümün ən yaxşı gənc oyunçusu, qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu da müəyyənləşib. Bu nominasiyalar üzrə qaliblərin siyahısını təqdim edirik:

Mövsümün 23 yaşadək ən yaxşı futbolçusu – Coşua Zirkze (“Bolonya”)

Mövsümün ən yaxşı qapıçısı – Mikele Di Qreqorio (“Montsa”)

Mövsümün ən yaxşı müdafiəçisi – Alessandro Bastoni (“İnter”)

Mövsümün ən yaxşı yarımmmüdafiəçisi – Hakan Çalhanoğlu (“İnter”)

Mövsümün ən yaxşı hücumçusu – Duşan Vlahoviç (“Yuventus”)