Futbol üzrə Serbiya milli komandasının sağ cinah yarımmüdafiəçisi Lazar Markoviç Türkiyənin “Qaziantep” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 28 yaşlı vinger Super Liqanın digər təmsilçisi “Trabzonspor”a keçib.
Son Türkiyə çempionu olan Trabzon klubu serb yarımmüdafiəçini bu mövsümün sonuna kimi icarəyə götürüb. Buna “Qaziantep”in Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqanın cari mövsümünün sonunadək meydana çıxmaqdan imtinası səbəb olub. Trabzonluların Markoviçin yarım mövsümlük icarəsi üçün 260 min avro ödəyəcəyi bildirilir.
Xatırladaq ki, Lazar Markoviç 2022-ci ilin iyul ayında Serbiyanın “Partizan” klubundan “Qaziantep”ə transfer olunmuşdu. O, bu komandanın heyətində 22 oyuna çıxıb, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi yetirməsi olduğu “Partizan”dan başqa, “Benfika”, “Liverpul”, “Fənərbaxça”, “Sportinq” (Lissabon), “Hall Siti”, “Anderlext” və “Fulhem”də də oynayıb. O, Serbiya milli koomandasında 22 oyuna 3 qol vurub.
“Qaziantep”in Rumıniyadan olan müdafiəçisi Alin Toşka isə Super Liqa klubundan birdəfəlik ayrılıb. O, İtaliyanın “Benevento” klubuna transfer olunub. 30 yaşlı futbolçu yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi anlaşıb.
Alin Toşka “Qaziantep”ə 2019-ci ilin iyul ayında İspaniyanın “Betis” klubundan gəlmişdi. O, Super Liqa klubunda 115 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mərkəz müdafiəçisi daha öncə də (2018-ci ildə) “Benevento”da oynayıb. O, “Styaua”, “Unirya”, “Seqyata”, “Vitorul”, “Betis” və PAOK-da da forma geyinib. Təcrübəli oyunçu Rumıniya yığmasında da 30 oyun keçirib, 1 qol vurub.